Xİdmət qaydaları
SERVİS MƏRKƏZİMİZİN İŞ QAYDALARI:
Müştəri bizim servisə müraciət edəndə biz avadanlığı sistemdə qeydiyyata alırıq və qəbul edilməsi haqqında AKT təqdim edirik. Aktda qeyd edilir: avadanlığın konfiqurasiyası, komplektləri, zahiri nöqsanları.

Biz həmçinin avadanlığın zəmanətini yoxlayırıq. Diaqnostikadan sonra, müştəriyə görüləcək işin həcmi və qiyməti haqqında geniş məlumat təqdim edirik. İşlərin görülməsi haqqında son qərarı müştəri qəbul edir. Müştəri imtina edərsə, avadanlıq geri qaytarılır. Əgər müştəri görüləcək işləri qəbul edərsə, biz böyük məsuliyyətlə işləri ən qısa zaman ərzində həyata keçirib, servis xidmətinin bitməsi haqqında dərhal məlumat təqdim edirik.

SERVİS XİDMƏTLƏRİNİN GÖRÜLMƏSİ QAYDASI:
MƏLUMATLARIN QORUNMASI
Kompyuterinizdə olan məlumatların ehtiyat surətinin çıxarılmasına görə məsuliyyət müştərinin üzərindədir.
Müştərinin kompyuterində məlumatların, şəkillərin yaxud proqramların itirilməsinə görə, heç bir məsuliyyət daşımırıq. Əgər kompyuterin yaddaşında olan məlumatların ehtiyat surətinin bizim tərəfdən çıxarılmasını istəyirisinizsə, lütfən əvvəlcədən bu barədə bizə bildirin. Bu xidmət əlavə ödəniş müqabilində tam etibarlı şəkildə həyata keçirilir.

Məlumatların təhlükəsizliyinə və məxfiliyinə əmin ola bilərsiniz. Razılaşmaya görə, surəti çıxarılan məlumatlar üçüncü tərəfə verilmir.

Çap avadanlıqları
Kartriclər doludursa, çap avadanlığına zəmanət tətbiq edilmir.
Həmçinin üzərinə maye tökülmüş avadanlığa da zəmanət düşmür. İstisna, ancaq Care Pack geniş zəmanət paketinə edilir. Bu zaman su töküldüyü halda belə zəmanət tətbiq edilir. Bu paketə daxil olan bütün zəmanət halları haqqında ətraflı məlumat almaq üçün bizimlə əlaqə saxlaya bilərsiniz.
GÖZLƏNİLMƏYƏN NASAZLIQLAR
Təmir zamanı bizə bildirilməyən nasazlIqlar aşkar edilərsə, biz dərhal sizə məlumat verəcəyik, və sizin razılığınızla həll edəcəyik.
Bu əlavə xidmət ümumi təmir xərcinə daxil ediləcək. Əgər avadanlığın zəmanəti varsa, və aşkar edilən nasazlıq zəmanət şərtlərinə aiddirsə, biz bütün xidmətləri tam zəmanət çərçivəsində həyata keçirəcəyik.
LİSENZİYALI PT
Bəzi işləri yerinə yetirmək üçün əməliyyat sisteminin yenidən qurulması tələb oluna bilər.
Əgər sizin istifadə etdiyiniz əməliyyat sisteminin lisenziyası varsa, biz onu bərpa edəcəyik. Əgər rəsmi lisenziyalı proqram təminatı yaxud əməliyyat sistemi olmayıbsa, avadanlıq “FreeDOS” olaraq geri qaytarılacaq.
AVADANLIĞIN İŞLƏMƏSİ
Biz yalnız servis xidmətinin mühəndisi tərəfindən görülən işlərə görə tam məsuliyyət daşıyırıq.
Lütfən nəzərə alın ki, avadanlığın diaqnostikası zamanı komponentlərdən biri sıradan çıxarsa (məsələn, antivirus ilə axtarma nəticəsində hər hansı faylın zədələnməsi), biz heç bir məsuliyyət daşımırıq.
Avadanlığın qaytarılması
Servis mərkəzinə verilən avadanlığı səlahiyyətli nümayəndəniz də götürə bilər.
Belə olan təqdirdə, səlahiyyətli nümayəndəniz təmir qəbzini qəbul şöbəsinə təqdim etməlidir.
TƏMİR MÜDDƏTİ HAQQINDA:
Təmir müddəti
Təmir müddəti asılıdır: nasazlığın mahiyyətindən, ehtiyat hissələrinin çatdırılmasından (zərurət yaranarsa). Zəmanət verilməyən halların diaqnostikası ödənişli xidmətdir və dəyəri şərtlərdən asılı olaraq dəyişir
Geniş zəmanət
Nasaz hissə dəyişdirildikdən sonra servis mərkəzinin mülkiyyətinə keçir. Əgər geniş zəmanət çərçivəsində Care Pack paketilə Defective Media Retention fürsətindən istifadə edilərsə, nasaz sərt disk yenisi ilə əvəz ediləcək və köhnəsi sizdə qalacaq. Geniş zəmanət haqqında ətraflı məlumat əldə etmək üçün bizimlə əlaqə saxlaya bilərsiniz
Müştərinin məlumatlandırılması
Ehtiyat hissələrinin çatdırılması üçün sifariş verildikdə yaxud qüsurdan şikayət edildikdə, təmir müddəti uzana bilər. Bu halda sifarşiniz haqqında sizə məlumat verəcəyik (zəng, e-poçt və ya SMS-lə). Bu müddət ərzində avadanlığınız bizim etibarlı əllərimizdə olacaq
Zəmanətsiz detallar
Əgər həyata keçirilmiş əvəzlənmə zəmanətli olmayıbsa, bu halda əvəzlənmiş köhnə detalı özünüzlə götürə bilərsiniz
Saxlama və ödəniş qaydaları:
Servis Mərkəzi müştərinin diaqnostika və təmir üçün təqdim edilən avadanlığını özündə cəmi 60 (altmış) gün ərzində saxlayır. (Təmir üçün zəruri olan ehtiyat hissələrinin xaricdən sifarişi zamanı bu müddətin axımı dayanır).
Təmir üçün zəruri olan ehtiyat hissələrinin xaricdən sifarişi zamanı Müştəridən avans tələb olunur. Müştəri avansı nağd və ya onlayn qaydada ödəyə bilər. Müştəri təmir xidmətlərindən əsassız imtina etdikdə avans qaytarılmır.
Onlayn ödənişlər yönləndirmə ilə, əməkdaş banklarının səhifəsi üzərində həyata keçirilir. Bütün ödənişlər zamanı ödəyənin kart məlumatları bestservice.az saytında saxlanılmır.
Müştəri göstərilən müddətdə öz avadanlığını servisdən geri götürməzsə, diaqnostika və təmir xərcindən əlavə hər gün üçün Servis Mərkəzinə 5 (beş) AZN məcburi saxlanılmaya görə cərimə ödəməsini üzərinə götürür.
Əgər bu müddət 90 (doxsan) gün davam edərsə və müştəri avadanlığı servis mərkəzindən təhvil almazsa, avadanlığı qəbul edən zaman müştərinin təqdim etdiyi elektron ünvana servis mərkəzi tərəfindən yazılı xəbərdarlıq məktubu göndərilir.
Bu məktuba 3 (üç) gün müddətində reaksiya verilmirsə (avadanlıq qəbul edilmirsə) müştəri servisdə saxlanılan avadanlığın məhv ediləcəyi ilə və ona qarşı məhkəmə qarşısında qaldırılacaq iddia tələbləri ilə (borc, cərimə, dövlət rüsumu, nümayəndə xərci və s.) razılaşır.
TƏMİRİN NÖVÜ:
Müştərinin ünvanında servis xidmətləri:
Mühəndisin sifarişlə avadanlığın istismar edildiyi ünvana gəlməsi üçün xidmət haqqı 50 AZN-dən başlayır. Qiymətlər avadanlığın növündən və Xidmətin Təqdim Edilməsi Səviyyəsi haqqında Razılaşma (Service Level Agreement) dərəcəsindən asılıdır.

Uzaqdan göstərilən xidmətlər:
Bu xidmətlər servis mərkəzimizlə müqavilə imzalandıqdan sonra tətbiq edilir. Geniş seçim imkanları haqqında ətraflı məlumat əldə etmək üçün bizimlə əlaqə saxlaya bilərsiniz. Bizim mütəxəssislərimiz məmnuniyyətlə bütün suallarınızı cavablandıracaq.

AVADANLIĞINIZI BİZƏ TƏQDİM EDƏRKƏN BİZƏ LAZIM OLACAQ:

  • Avadanlığa və sistemə daxil olmaq üçün icazə (BIOS, WINDOWS şifrələriniz)
  • Bizim təlimatlara riayət etmək haqqında razılığınız
  • Zəmanətli təmiri qeydiyyata almaq üçün zəmanət talonu (əgər varsa). Lütfən zəmanət talonunda aşağıdakı məlumatların qeyd edildiyini yoxlayın:

—  Model
—  Seriya nömrəsi
—  Möhür
—  Tarix

Əgər lazımi məlumatlar qeyd edilməyibsə, lütfən avadanlığı aldığınız mağazaya müraciət edin və oranın rəsmi nümayəndəsindən çatışmayan sahələrin doldurmasını istəyin.

Biz HP və HPE tərəfindən bütün məhsulları üzrə Azərbaycanda yeganə avtorizə edilmiş servis mərkəziyik!
ÖDƏNİŞ NÖVLƏRİ:
Ödəniş iş bitdikdən dərhal sonra edilir. Bəzi işlər üçün ilkin ödəniş tələb oluna bilər, bu halda servisin əməkdaşları sizə məlumat verəcək. Ödəniş nağd və köçürmə yolu ilə edilə bilər.
AVADANLIĞIN SERVİS MƏRKƏZİNDƏ QEYDİYYATA ALINMASI ÜÇÜN ZƏRURİ MƏLUMATLAR:
Diaqnostika növləri:

ADİ DİAQNOSTİKA

TƏCİLİ DİAQNOSTİKA

Zəmanət:
Bütün işlərimizə və ehtiyat hissələrinə tam zəmanət veririk. Ehtiyat hissəsindən asılı olaraq müddət dəyişir, minimum müddət 90 gündür. Görülən işə verilən zəmanət – 30 gündür. Zəmanət şərtləri haqında ətraflı məlumatı əldə etmək üçün aşağıda avadanlığınızın şirkətini seçin. Sualınıza cavab tapmasanız, bizə müraciət edin və biz sizə istədiyiniz məhsul haqqında məlumat verəcəyik.

Biz aşağıdakı hallarda məsuliyyət daşımırıq:

  • Məlumatların itməsinə və zədələnməsinə
  • Biznesin dayanması təqdirdə baş verən istənilən maliyyə itkilərinə
  • Bizim tövsiyə və təlimatlarımıza riayət edilmədikdə büruzə verən nəticələrə
  • İstənilən antivirus proqram təminatından istifadə edilməməsi (edilməsi) nəticəsində yaranan itki və problemlərə